Siyasi partiyaların Şuşa səfəri: Milli birliyin növbəti nümunəsi - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 18:29 08 Oktyabr 2021

Siyasi partiyaların Şuşa səfəri: Milli birliyin növbəti nümunəsi - TƏHLİL

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizə Qərblə Şərq arasında iqtisadi, siyasi, mədəni körpü rolu oynamaq imkanı verdiyi kimi, dövlətimizi ən müxtəlif çağırışlarla qarşı-qarşıya qoyur. Sirr deyil ki, ölkəmiz son 30 ildə gələcəyimizin müsbət məcrada görmək istəməyən bir çox beynəlxalq dairələrin diqqət mərkəzinə çevrilib. Qərbdəki bəzi dairələr Azərbaycanın müsəlman-türk dövləti kimi güclənməsini istəmir, Ermənistana havadarlıq edir, bəzi İslam dövlətləri isə dünyəvi, bəşəri, demokratik, irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların birlik və bərabərlik içərisində yaşadığı konstitusion dövlət quruluşunu, dövlət idarəçiliyi modelini öz dövlətləri üçün təhlükə görürlər. Müstəqilliyimizin bərpasından sonra davamlı olaraq ölkəmizə radikal dini cərəyanların ixrac edilməsi cəhdləri də məhz buradan qaynaqlanır. Ölkəmizin ötən ilin payızında apardığı uğurlu hərbi əməliyyatlar, təəssüflər olsun ki, bir sıra bizə coğrafi cəhətdən yaxın və uzaq dövlətlər tərəfindən qıcıqla qarşılandı və onlar hələ də dəyişən reallıqla barışmaq istəmirlər. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan 200 il ərzində regionda mövcud olan geosiyasi konfiqurasiyanı dağıdaraq Qafqazda yeni geosiyasi, geoiqtisadi və hərbi mənzərə yaratdı.

Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə bölgədə iki əsr ərzində mövcud olan status-kvo ləğv edildi, Azərbaycanın başçılığı ilə yeni tarixi mərhələnin əsası qoyuldu. Hazırda ölkəmiz təkcə regionda deyil, bütövlükdə bütün dünyada sayılıb - seçilən beynəlxalq aktorlardan birinə çevrilib.

Prezident İlham Əliyevin başçılığı altında hazırda ölkəmiz işğaldan azad edilmiş rayonlarda quruculuq, bərpa və abadlıq işlərini sürətləndirir. Bundan əvvəl olduğu kimi, indi də Azərbaycan üçün prioritet məqamlardan biri xaricdən gələn çağırışlarla mübarizə, daxili həmrəylikdir.

Biz son 30 il ərzində həm də daxili sabitliyi əldə etdik, müxalifət-iqtidar birliyini yaradıb, dövlət və xalq arasında sarsılmaz əlaqənin olduğunu nümayiş etdirdik. 44 günlük müharibənin ilk günündə prezidentin çıxışından sonra bir-iki siyasi partiyanı çıxmaq şərtilə, bütün partiyalar prezidentə öz dəstəklərini ifadə etdi. Həmin vaxt bu, bir çox dairələr üçün narahatverici məqam oldu. Göründüyü kimi, Azərbaycan cəmiyyəti yekdil olaraq Prezidentin ətrafında toplaşaraq, qalibiyyət üçün düşmənlərə qarşı həmrəy olaraq mübarizə aparır.

Azərbaycanın bölgədə yeni reallıq yaratması son zamanlar yenidən müxtəlif dairələrin təsir dairəsində olan daxildəki qrupların aktivləşməsi, müxtəlif xarici dairələrin ölkəmizlə bağlı xoşagəlməz bəyanatlar vermələri, daxili işlərimizə qarışmaq cəhdləri ilə müşahidə olunur. Bu kontekstdə, ölkə daxilində siyasi qruplar və partiyaların davranışı xüsusi aktuallıq təşkil edir.

Məlum olduğu kimi artıq bir neçə ildir ki, Azərbaycanın daxili siyasi palitrasında müxalif siyasi partiyalar və iqtidar arasında yeni dialoqa start verilib. Bir müddətdir, ölkədəki siyasi partiyaların nümayəndələri Prezident Administrasiyasına dəvət olunurlar və onlarla görüşlər keçirilir. Sözsüz ki, bu addımlar siyasi palitranın yeni konfiqurasiyası ilə yanaşı, eyni zamanda daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına gətirib çıxarır.

Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin mütəmadi olaraq, həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təsdiqidir.

Bütün bunlar Azərbaycan dövlət başçısının nə qədər uzaqgörən siyasi lider olduğunun bariz göstəricisidir. Prezident İlham Əliyev ölkədəki siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinin, dialoq mühitinin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini daim vurğulayır. Dövlət başçısı 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı qeyd etmişdi ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz: “Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Müxalifət və iqtidar arasında növbəti belə addımlardan biri dünən Şuşaya təşkil olunan tədbir idi. Oktyabrın 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə 50-yə yaxın siyasi partiyanın sədrləri və nümayəndələri, eyni zamanda, ictimai aktivistlər, politoloqlar, deputatlar işğaldan azad olunmuş Şuşa şəhərini ziyarət ediblər. Səfər iştirakçıları yolboyu və Şuşa şəhərində davam edən quruculuq işləri ilə tanış olublar, son proseslərlə bağlı vəziyyəti əyani şəkildə görüblər. Böyük Zəfər yolunu keçərək Şuşaya qovuşan, qarış-qarış gəzən siyasətçilər Azərbaycanın mədəniyyət beşiyi ilə yanaşı, digər torpaqlarımızın da azad olunmasına və qələbə əldə etdiyimizə görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hər kəsə məlumdur ki, ölkə daxilində vahid ideologiyanın, milli birliyin və cəmiyyət daxilində həmrəyliyin olması çox vacib şərtlərdən biridir. Göründüyü kimi, xaricdəki bəzi dairələrin davamlı cəhdlərinə baxmayaraq, Azərbaycanda bu illər ərzində vahid siyasi ideologiya, daxili həmrəylik və müxalifət - iqtidar birliyi formalaşmış oldu. 90-cı illərdə bizdə, bu gün isə, əksər MDB dövlətlərində mövcud olan daxili siyasi proseslərdəki pərakəndəlikdən, hərc-mərclikdən uzaq olan müasir Azərbaycan Respublikası qarşıdakı illər ərzində də istənilən çağırış və təhdidlərə qarşı uğurla mübarizə aparacaq.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR