Qarabağda yeni həyat və dirçəliş prosesi gedir.
ONA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı deyib.
O bildirib ki, bu, diplomatik korpusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunan 21-ci səfəridir: “Diplomatik korpusun azad edilmiş ərazilərə ilk səfərləri 2020-ci ilin noyabr ayında başlayıb. Bu gün burada əvvəlki səfərlərdə iştirak etmiş veteran səfirlər də var və onlar Qarabağın zamanla necə tam dəyişdiyini və transformasiya olunduğunu görə bilirlər”.
Hikmət Hacıyev qeyd edib ki, səfərin əsas məqsədi Qarabağdakı reallıqları və bölgədə aparılan yenidənqurma işlərini nümayiş etdirməkdir: “Qarabağda yeni həyat və dirçəliş prosesi gedir. Təəssüf ki, son 30 ildə Qarabağ müharibə və münaqişələrlə assosiasiya olunurdu. Bəli, arxada çətin tarix var. Biz tarixi və keçmişi inkar edə bilmərik”.
O vurğulayıb ki, Azərbaycan keçmişin ağrılarını, o cümlədən Xocalı faciəsini unutmadan gələcəyə və sülhə fokuslanır.
Prezidentin köməkçisi qeyd edib ki, rəsmi Bakının xarici siyasət konsepsiyasında bütün qonşularla yaxşı qonşuluq və sülh münasibətləri Azərbaycanın bir nömrəli prioritetidir.
Hikmət Hacıyev vurğulayıb ki, müharibə vəziyyətinə görə bu tam şəkildə həyata keçməmişdi.
“Lakin bu gün məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistan Respublikası ilə dostluq və yaxşı qonşuluq münasibətlərinə malikdir”, - Prezidentin köməkçisi əlavə edib.